Çərşənbə
13 iyul
Peyğəmbərlik səsi. II hissə
Yeşaya peyğəmbərin kitabının 58-ci fəsli həm Yeşayanın günlərində yaşayan Allahın xalqı üçün, həm də bu gün bizim üçün xüsusi məzəmmət və ümid xəbərindən ibarətdir.
Öz xalqına görə məyusluğunu bəyan etdikdən sonra, Allah müraciət etdiyi insanları necə təsvir edir? (bax. Yeş. 58:1) Yeş. 58:2-i oxuyun.

Burada istifadə olunmuş səs tonunu dəqiq bilməsək də, görünür ki, Rəbb xalqı zahiri möminlik və iman nümayişinə görə mühakimə edir, çünki bunun nə qədər yalan olduğunu bilir. “Yeni beynəlxalq tərcümədə” bu ayə belə səslənir: “Onlar hər gün Məni axtarır; elə fikir oyadırlar ki, güya əməlisaleh, Allahının hökmündən ayrılmayan millət kimi, Mənim yolumu öyrənmək istəyirlər” (Yeş. 58:2).
Yeş. 58:3-14-ü oxuyun. Rəbb bu adamlara dini təzahürlərinin (bu halda orucun) yanlışlığı ilə bağlı daha nə deyirdi? Burada hansı daha dərin məsələyə toxunulur?

Burada qeyd olunmuş vacib bir xırdalığa diqqət yetirin: səcdə çox vaxt eqoist olur. “Ya Rəbb, mənim üçün bunu və bunu et!” – deyə istəyirik. Əlbəttə, müəyyən şəraitlərdə Rəbdən şəxsi ehtiyaclarımızı ödəməsini diləyə bilərik. Lakin bu halda Rəbb deyir ki, həqiqi səcdə “aclara”, “məzlumlara” və “kasıblara” xidməti də nəzərdə tutur. Maraqlısı budur ki, başqalarına bu cür xidmət yalnız kömək alanlara deyil, köməyi göstərənlərə də xeyir-dua gətirir. Başqalarına xidmət edərkən, verərkən, xeyir-dua alırıq. Allahın bu vədlərinin icrasını öz həyatında hiss etməyən varmı aramızda? Məgər özünə kömək etmək iqtidarında olmayan kəslərə yardım edən insanların əldə etdiyi sevincin, məmnunluk hissinin və ümidin şahidi olmamışıqmı? Məsihin xasiyyətini dünyada təzahür etdirmənin daha yaxşı yolunu təsəvvür etmək çətindir.
Həv. Iş. 20:35-i oxuyun. Bu sözlərin həqiqiliyini özünüzün başqalarına xidmətinizdə necə hiss etmisiniz?


Çərşənbə axşamı
28 iyun
Düşmənçilik və fidiyə

Yar. 3:14, 15. Allah şeytana “Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram” (Yar. 3:15) deyərkən nəyi nəzərdə tuturdu? Buradan özümüz üçün hansı ümidi əldə edə bilərik?

“Düşmənçilik” sözü ibrani dilində “nifrət” və “düşmən” sözləri ilə eyni kökdən gəlir. Xeyirlə şəri bilmə ağacının meyvəsindən yeyən əcdadlarımız özlərini və bütün bəşəriyyəti Allahla düşmənçilik vəziyyətinə gətirdilər (bax. Rom. 5:10; Kol. 1:21; Yaq. 4:4). Allahın vədi burada onu nəzərdə tutur ki, Allah bəşəriyyəti Özünə tərəf çəkərək, insanlarda şeytana qarşı düşmənçilik ruhu yaradacaq. Bu, Allaha imkan verəcək ki, Öz İlahi idarəsinin prinsiplərini pozmadan bəşəriyyəti xilas etsin. Bu, bizim başa düşdüyümüz mənada “fidiyə”dir, günahabatma nəticəsində itirilmiş şeyləri sonda bərpa etmək üçün Allahın həyata keçirdiyi və keçirməyə davam etdiyi işdir.
Aşağıdakı ayələr fidiyəni necə açır? Lev. 1:3, 4; 1 Kor. 5:7; 1 Yəh. 1:9.

İlahiyyatçılar bəzən fidiyə mexanizmi göstərmək üçün “təqsirin aradan qaldırılması” ifadəsindən istifadə edirlər. Bu anlayış yanlış davranış nəticəsində dəymiş ziyanın ödənilməsini nəzərdə tutur. İnsan pis əmələ yol verir, qanunu pozur, ədalət isə ziyanın ödənilməsini tələb edir. Bəzən deyirlər ki, cinayətkar “cəmiyyət qarşısında borcludur”.
Biz günah etmişik, lakin xilas planına uyğun olaraq Məsihin ödədiyi fidiyə, Onun fədakar ölümü bizi qanun pozuntusunun hüquqi nəticələrindən azad edir. Məsih Özü bizim əvəzimizə ödəyib. Qanunla bizim çəkməli olduğumuz cəzanı İsa Öz üzərinə götürüb. Beləlikə, qanunun ədalətli tələbləri bizim ölümümüz bahasına deyil, İsanın qurbanı sayəsində ödənilmişdir. Günahkar və qanun pozucusu olan bizlər Onun qarşısında bağışlanıb, bəraət alırıq. Bu, ümumi bərpa prosesindəki həlledici və təməl addımdır (bax. Həv. Iş. 3:21).


Çərşənbə
29 iyun
“Övladlarım, Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm” (Qal. 4:19).

Başlanğıcda biz kamil və tam dünyada kamil və tam varlıqlar kimi yaşamaq üçün yaradılmışdıq. Təəssüf ki, günahabatma nəticəsində bu cənnət itirildi. Tanıdığımız dünya ölüm, zorakılıq, əziyyətlər, qorxu və cəhalətlə doludur. Dünyanı ilkin kamil vəziyyətinə qaytarmaq üçün xilas planı hazırlandı. Günahabatma nəticəsində itirilmiş şeyləri bərpa etmək üçün Məsih gəldi.
“Allah başlanğıcda insanı Öz bənzərində yaratdı. Ona nəcib xüsusiyyətlər bəxş etdi. İnsan sağlam düşüncəyə sahib idi və bütün qabiliyyətləri bir-biri ilə ahəng təşkil edirdi. Lakin günahabatma və onun nəticələri bu xüsusiyyətləri təhrif etdi. Günah insandakı Allah surətini təhrif etdi və demək olar ki, məhv etdi. Onu yenidən bərpa etmək üçün xilas planı düşünüldü və insana sınaqlarla dolu bir həyat verildi. Ona görə də həyatın bütün məqsədlərinin təməlində dayanan ən böyük məqsədi – başlanğıcda insana xas olan kamilliyi ona geri qaytarmaqdır” (Y. Uayt. Ağsaqqallar və peyğəmbərlər, səh. 595). Bu bərpa yeni yer və yeni göy yaradılana qədər davam edəcək olsa da, bu proses artıq bizdə başlayıb!
Qal. 4:19-u oxuyun. Paulu narahat edən şeylərdə asılı olmayaraq, o burada hansı vacib ruhani məsələyə toxundu?

İbranilərə məktubda Məsih Özü Allahın surəti – “Onun mahiyyətinin tam surəti” kimi təsvir edilmişdir (1:3). (Yəh. 14:9; 2 Kor. 4:4; Kol. 1:15 ilə müqayisə edin). O, bizdə Allahın surətini bərpa etmək üçün bizimlə birləşmək istəyir. Buna razılaşsaq, Allahın surəti olan Məsih bizdə məskunlaşacaq: “Sizdə olan Məsih sizə izzətə qovuşmaq ümidini verir” (Kol. 1:27).
Onun surətinin tam bərpası İsanın İkinci gəlişi zamanı baş verəcəkdir (bax. 1 Kor. 15:49; 1 Yəh. 3:2). Bununla belə, Məsih bizdə, biz isə Onda qalanda Allahın surətinin bərpası prosesi artıq yer üzündə başlamış olur. Bu baş verdiyi müddətdə biz başqa insanları Məsihə gətirməyə can atırıq. O, bu bərpa prosesini onlarda da başlada bilər.
Bərpa prosesi bizdə artıq başlasa da, niyə həmişə yadda saxlamalıyıq ki, bu proses İsanın İkinci gəlişi zamanı tam şəkildə başa çatacaqdır?


Cümə axşamı
23 iyun
Böyük tapşırıq

Çox insanlar üçün İsanın davranışlarında ən çətin başa düşülən cəhət odur ki, O, Göyə qayıtdı və müjdəçilik xidmətini insanlara tapşırdı. Biz tez-tez Onu da, özümüzü də məyus edirik, Müjdələrə əsasən deyə bilərik ki, Onun ilk ardıcılları da istisna deyildilər. Bununla belə, Məsih xidməti bizə etibar edərək, bizə olan məhəbbətini və Ona olan ehtiyacımızı nümayiş etdirir.

Mat. 28:16-18-i oxuyun. İsanın sözlərini: “Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir” (ayə 8) Dan. 7:13, 14 ilə müqayisə edin. Bu ayələr arasında nə kimi əlaqə var?


Mat. 28:19, 20-i – Mattanın müjdəsinin son ayələrini oxuyun. İsa nə deyir və bu sözlər bizim üçün nə mahiyyət kəsb edir?

Yelena Uayt yazır: “İsa göyə qalxdığı zaman, 500-ə yaxın imanlı Zeytun dağına toplanmışdı (həmç. bax. 1 Kor. 15:6). Onun müjdəni təbliğ etmək tapşırığı yalnız şagirdlərə deyil, bütün imanlılara ünvanlanmışdı”. “İnsanların xilası – yalnız əl qoyulmuş xidmətçilərin işidir deyə düşünmək, - Y. Uayt qeyd edir, - böyük yanlışdır. Səmadan ruhlanmış hər kəsə Müjdə etibar olunmuşdur. Məsihdə həyat almış hər kəs öz yaxınlarının xilası uğrunda çalışmağa dəvətlidir. İmanlılar cəmiyyəti bunun üçün yaradılmışdır, onun müqəddəs əhdlərini öz üzərimizə götürərək, bununla Məsihin həmişçiləri olmağa söz veririk” (Əsrlər arzusu, səh. 822).
Özünüz haqqında Məsihin həmişçisi olaraq tez-tez düşünürsünüzmü? Müjdənin yayılmasında daha fəal olmaq üçün hansı konkret adımları ata bilərsiniz?


15 iyun
Yəhuda qəlbini “satır”

Yəhudanın hekayəsi necə kədərlidir! Yerusəlimə son səfərinə qədər yaşamasaydı, müqəddəs tarixin ən çox hörmət olunan personajları sırasında ola bilərdi. Lakin bunun yerinə onun adı həmişəlik xəyanət və namərdliklə bağlı olaraq qalacaqdır.

Yəh. 6:70 və Lk. 22:3-ü oxuyun. Bu ayələr Yəhudanın davranışlarını başa düşməyə necə kömək edir?

Əlbəttə, Yəhudanın xəyanətinin arxasında dayanan şeytanı ittiham etmək olar, lakin belə bir sual ortaya çıxır: Yəhuda ilə qaydasında olmayan nə var idi ki, şeytan onu bu cür idarə etməyi bacardı? Axı deyilir ki, şeytan Peteri də ələ keçirməyə çalışırdı (Lk. 22:31). Halbuki Peterdən fərqli olaraq Yəhuda özünü bütünlüklə Rəbbə həsr etməkdən imtina etdi. Görünür o, hansısa günahdan və ya xasiyyətindəki hansısa qüsurdan möhkəm yapışmışdı ki, bu da şeytanın onu bu cür pis bir əmələ yönəltməsinə imkan verdi. Burada yenə də azad iradənin daha bir hiss olunan nəticəsini görürük.
Mat. 26:47-50 və 27:1-10-u oxuyun. Yəhudanın kədərli hekayəsindən hansı ibrət dərsini götürməliyik?

Mat. 26:47-50-də Yəhudanın 600 əsgərdən ibarət dəstəni, eləcə də kahin və ağsaqqalları Getsimaniyə gətirməsi təsvir olunur. Yəhuda üçün necə heyrətamiz bir səlahiyyət anı idi! İnsanların çox istədiyi şey sizdə varsa, Yəhuda kimi, siz də bu baxımdan böyük qüvvəyə sahibsiniz. Nə qədər ki onların istədiyi şey sizin əlinizdədir, hər şey yaxşı gedir. Lakin insanlar istədiklərini sizdən aldıqdan sonra siz artıq onlara lazım deyilsiniz. Yəhuda bir neçə saat sonra tək qalaraq, bütünlüklə hər şeyini itirəcək.
Daha bir vacib dərs, Yəhudanın öz qəlbini neçəyə “satmasındadır”. Otuz gümüş pula? Müasir pulla hesablasaq, hansı gümüş pulun nəzərdə tutulmasından asılı olaraq, 1-4 aylıq əməkhaqqı qədər edir. Bu məbləğ on və ya yüz dəfə artıq olsaydı belə, görün onun üçün nəyin bahasına başa gəldi! Müjdənin şahidlik etdiyi kimi, Yəhuda bu pulu da itirdi. Bu pullar ona sevinc gətirmədi; onları kimdən almışdısa, onların da ayağına geri atdı. Həqiqətin necə inandırıcı bir sübutudur: bizi İsadan üz döndərməyə və canımızı itirməyə vadar edən hər şey Yəhudanın xəyanətinə görə aldığı pul qədər faydasızdır. Yəhuda əbədi həyata çox yaxın idi, amma onu heç bir şeyə dəyişmək qərarına gəldi.


Çərşənbə
8 iyun
İsanın İkinci gəliş

Mattanın Müjdəsinin 24-cü fəslində İsanın bu suala cavabı verilmişdir: “Sənin zühuruna hansı əlamətlər olacaq?” (ayə 3); deməli, söhbət Məsihi qayıdışının əlamətlərindən, Onun taxta oturmasının vaxtından gedir.

İsa Öz qayıdışının ərəfəsində baş verəcək hadisələr kontekstində daha hansı xəbərdarlığı verir və bu, tarix boyunca necə baş vermişdir? Mat. 24:23-26.


Dünyəvilərin sadəcə Qalileyadan çıxmış, bir yığın ardıcılı olan səyyah təbliğçi hesab etdiyi İsa burada deyir ki, çoxları Onun adı ilə gələcəklər və özlərini Məsih kimi qələmə verəcəklər. Bunun əsrlər boyunca baş verməsi və bizim günlərimizdə də olması faktı Allah Kəlamının doğruluğunu ən gözəl şəkildə təsdiqləyir.
Mat. 24:27-31-i oxuyun. İkinci gəliş necə təsvir olunmuşdur? Məsih döndüyü zaman nə baş verir?

Çoxlarının gəlib özlərini Məsih kim qələmə verəcəkləri barədə xəbərdarlıq edən İsa Öz gəlişinin əslində necə olacağını təsvir edir.
Birincisi, İsanın İkinci gəlişi şəxsi və hərfi xarakter daşıyacaq. İsa Yer üzünə şəxsən qayıdacaq. “Rəbb Özü... göydən enəcək” bəyanatı (1 Salon. 4:16) Məsihin qayıdışını bəşəriyyət tarixində ideal və ya yeni era kimi anlamaq gərəkdiyini söyləyən fikirləri rədd edir. Onun qayıdışı göydəki şimşək kimi görünən olacaq. “Hər göz Onu görəcək” (Vəh. 1:7). Şeypur obrazları göstərir ki, bu, böyük səs gətirən bir hadisə olacaq, ölüləri oyatmaq üçün kifayət qədər yüksək səs olacaq! İlk gəlişində Məsih itaətkarlıq nümunəsi göstərmək üçün gəlmişdisə, ikinci dəfə O, Özünün və bizim bütün düşmənlərimizə qalib gəlib (1 Kor. 15:25), taxta oturmuş Padşah (Vəh. 19:16) kimi gələcək.
Dünyamızın gələcəyi bu qədər qeyri-müəyyən ikən, İkinci gəliş haqqındakı vədlərdən qüvvə və ümid əldə etməyi necə öyrənə bilərik?


Çərşənbə axşamı
7 iyun
Yerusəlimin məhvi

Mat. 24:15-22-i oxuyun. İsa burada nədən bəhs edir? Ona verilmiş suala cavab verərkən necə bir mənzərə təsvir edir?

“Viranəlik gətirən iyrənç şey” söz birləşməsini adətən bir növ hörmətsizlik və ya müqəddəs olanın murdarlanması kimi başa düşürük. İsa yəqin ki, Yerusəlimin eramızın 70-ci ilində dağılmasından bəhs edir. Dünən əmin olduğumuz kimi, İsa bu hadisənin təsvirini Özünün İkinci gəlişi ərəfəsində dünyanın vəziyyətinin təsviri ilə birləşdirmişdi. “Məsih Yerusəlimi dünyanın təcəssümü kimi görürdü - öz imansızlığında, hiddətində bərkimiş və Allahın cəza hökmünə doğru sürətlə irəliləyən” (Y. Uayt. Böyük mübarizə, səh. 22).
Bununla belə hətta viranəlik şəraitində belə Rəbb mümkün olan hər kəsi xilas etməyə çan atır. Lukanın Müjdəsində İsa şagirdlərinə şəhəri viranə qalmazdan öncə tərk etməyi tapşırır: “Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır. O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin. Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin” (Lk. 21:20-22).
Yerusəlimdəki məsihçilər İsanın öncədən xəbər verdiyi əlamətlərin yerinə yetdiyini görəndə, Onun tapşırdığı kimi, şəhəri tərk etdilər, yəhudilərin əksəriyyəti isə şəhərdə qaldılar və məhv oldular. Təxmin hesablamalara görə, mühasirə zamanı Yerusəlimdə bir milyondan artıq yəhudi həlak oldu, 97 mini də əsir düşdü. “Romalılar Yerusəlimin mühasirəsindən geri çəkiləndə bütün məsihçilər artıq qaçşmışdılar, tarixin qeyd etdiyinə görə, onlardan heç biri həlak olmadı. Onların sığınacağı İordan çayının şərq tərəfindəki dağətəyi bölgədə yerləşən, Qalileya gölündən təxminən 27 km cənubda Pella şəhəri old” (YGA Müqəddəs Kitab şərhləri, 5-ci cild, səh. 499).
Aldığınız xəbərdarlığa qulaq asmayıb, sonda buna görə təəssüfləndiyiniz bir vəziyyəti yadınıza salın. Niyə Allah Kəlamının təkcə gözəl vədlərinə deyil, xəbərdarlıqlarına da qulaq asmaq vacibdir?


Bazar ertəsi
30 may
İsa məbəddə

Düşkün bəşəriyyət tarixinin ilk dövrlərindən etibarən heyvanların qurban gətirilməsi Xilas planını – gələcək Messiyaya iman vasitəsilə lütflə xilası təsvir etmək üçün Allahın seçdiyi bir vasitə olmuşdur (Rom. 4:13-16). Bunun parlaq təsdiqini Yaradılış kitabının 4-cü fəslində tapmaq mümkündür, burada Qabillə Habilin faciəvi səcdə tarixçəsi təsvir olunmuşdur (Vəh. 14:6-12). Ona görə də Allah İsraili Onun seçilmiş xalqı, “kahinlər padşahlığı, müqəddəs millət” (Çıx. 19:6) olmağa dəvət etdiyi zaman, həm də Xilas planını daha ətraflı izah etmək üçün müqəddəs yerdə xidmət təyin etdi. Səhrada Hüzur çadırının, Süleymanın məbədinin və Babildən qayıtdıqdan sonra tikilən məbədin mövcudluğu müddətində Müjdə müqəddəs yerin simvol və xidmətlərində açılırdı.
Məbəddəki ayinlər Allahdan ilham alsa da, onları qeyri-kamil insanlar həyata keçirirdilər. Ona görə də hətta Allahın təyin etdiyi və Onun düşkün dünyaya məhəbbətini və lütfünü açmaq üçün nəzərdə tutulmuş bu müqəddəs xidmətdə də, insanların iştirak etdiyi hər hansı başqa bir işdə olduğu kimi, tənəzzül müşahidə olunmağa başladı. İsanın Birinci gəlişi zamanı bu xidmət artıq kahinlərin (xidmətin etibar olunduğu şəxslərin) acgözlüyü və xəsisliyi ilə o qədər təhrif olunmuşdu ki, “qurbangətirmə xidmətinin müqəddəsliyi xalqın gözündə ciddi dərəcədə azalmışdı” (Y. Uayt. Əsrlər arzusu, səh. 590).
Mat. 21:12-17-i oxuyun. Allaha səcdə ilə bağlı bu hissədə hansı dərslər verilmişdir?

Çox sayda başqa yerlərdə olduğu kimi, İsa Öz davranışlarına bəraət qazandırmaq üçün Müqəddəs Yazılardan sitat gətirirdi. Bu bir daha sübut edir ki, Rəbbin ardıcılları olan bizlər Müqəddəs Kitabı dünya görüşümüzün və əxlaq sistemimizin mərkəzinə qoymalıyıq. O, Yazılardan sitat gətirməklə bərabər kora və çolağa şəfa vermişdi. Bütün bunlar Onun İlahi təbiəti və çağırışı barəsində inandırıcı şəkildə şahidlik edirdi. Bu dəlillərə daha həssas və açıq yanaşması gərəkən adamların daha amansız şəkildə Ona qarşı çıxmaları kədər doğurur. Özlərinin dünyəvi sərvətlərini, məbədin “idarəçiləri” və “nəzarətçiləri” statuslarını itirməkdən qorxaraq, çoxları İsada xilası nəzərdən qaçırdılar. Halbuki məbəddəki bütün xidmət buna işarə edirdi.
Necə əmin ola bilərik ki, yer üzündə hər hansı br şeyi, hətta yaxşı bir şeyi əldə etmək və ya əlimizdə tutmaq istərkən, ən vacib olanı – İsada əbədi həyatı itirmək riski ilə üz-üzə durmuruq?


Cümə axşamı
26 may
“Bilərik”

Mat. 20:20-27-də Yaqub və Yəhya (və onların anası) haqqındakı hekayəni daha yaxşı başa düşmək üçün əvvəlcə Lk. 9:51-56-ı oxuyun. Bu hadisə İsa şagirdləri ilə Yerusəlimə gedərkən baş vermişdi, bundan bir neçə gün sonra Yaqub və Yəhya İsadan padşahlıqda Onun sağında və solunda oturmaq üçün icazə istəmişdilər.

Mat. 20:20-27-ini oxuyun. Lk. 9:51-56-da verilmiş hissə Yaqub və Yəhyanın Padşahlıqda İsanın sağında və solunda oturmağa nə qədər hazır olduqlarını necə açır?

Zavday oğulları Yaqub və Yəhya yaxınlıqdakı kəndlərə təbliğ etməyə göndərildikdən sonra belə, ətrafdakı insanların xilasından daha çox öz gələcək statuslarına görə narahat olurdular. Bu hadisə dünən nəzərdən keçirdiyimiz hadisəni, Peter İsanın ardınca gedən şagirdlərin nə əldə edəcəklərini soruşduğu hadisəni xatırladır.
İsanın cavabını diqqətlə oxuyun: “Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi? “ (Mat. 20:22). Başqa sözlə desək, İsanın gələcək izzətinə ortaq olmaq üçün əvvəlcə Onun əziyyətlərinə və ölümünə ortaq olmaq lazımdır, şagirdlər isə buna hazır deyildilər. Onların dərhal “Bilərik” deyə (Mat. 20:22) cavab vermələri faktı göstərir: Məsihin onları nə barədə xəbərdar etdiyini o an başa düşmürdülər. Bu barədə gələcəkdə öyrənəcəkdilər.
Burada maraqlı bir təzad göstərilir ki, bu barədə düşünməyə dəyər. Dünən əmin olduq ki, İsanın ardınca getsək, bizə gözəl bir mükafat vəd olunur – “əbədi həyat” (Mat. 19:29). Eyni zamanda Müqəddəs Kitab aydın şəkildə göstərir ki, bu dünyada İsanın ardınca getmənin öz qiyməti var, bəzən kifayət qədər yüksək qiymətdir. İsa daha sonra Peterə iztirablı ölümlə öləcəyini söyləyir (bax. Yəh. 21:18, 19). Əsrlər boyunca və hətta bizim günlərimizdə çox imanlılar İsanın ardınca getmənin qiymətini çox baha ödəyiblər. Ona görə də Rəbbin ardınca gedərkən heç bir qiymət ödəmiriksə, məsihçilik durumumuzu araşdırmağa ehtiyac var. Lakin bu qiymət nə olursa-olsun, Rəbbin Özünün ödədiyi qiymətdən daha az ölçülmür.
Məsihin ardınca getmək üçün hansı qiyməti ödəmisiniz? Öz cavablarınız üzərində düşünün.


Çərşənbə
25 may
Əvəzində nəyimiz olacaq?

Varlı adamla bağlı hadisədən dərhal sonra nə baş verir?

“Bundan sonra Peter cavab verərək Ona dedi: Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik, əvəzində nəyimiz olacaq?” (Mat. 19:27).

Ayədə bu sualın haradan doğduğu açıqlanmır, lakin ola bilər ki, ni, varlı adamın İsadan üz döndərib getməsinə birbaşa münasibət idi. Belə bir təəssürat yaranır ki, Peter sanki belə demək istəyir: bu varlı adamdan və İsanı gec-tez tərk edən başqalarından fərqli olaraq, o və digər şagirdlər hər şeyi Onun naminə tərk etmişdilər. Nəyin bahasına olursa-olsun, Ona sadiq qalmışdılar. Buradan da bu sual doğur: əvəzində nəyimiz olacaq?
Bu gün bu məsələni praqmatizmin və şagirdlərin ruhani bayatlığının daha bir sübutu kimi şərh edə bilərik (müəyyən mənada bu belədir). Digər tərəfdən, niyə də verməsinlər bu sualı? İsanın ardınca getməklə hansı mükafatı alacağı Peteri niyə maraqlandırmamalı idi ki? Axı yer üzündəki həyat hətta hər şeyi olan insanlar üçün də çətindir. Hamımız travmalara, məyusluqlara, ağrıya və düşkün təbiətimizin təsirinə məruz qalırıq. 1800-cü illərdə italyan mütəfəkkiri Cakomo Leopardi insanın hərtərəfli bədbəxtliyi haqqında yazmışdı: “İnsan həyatı hiss etdiyi müddətcə narazılıq və ağrı da hiss edir”.
Həyat – mübarizədir və dünyamızdakı xeyir heç də həmişə şərə düz mütənasib olmur. Ona görə də Peterin sualı dərin məna kəsb edir. Əgər həyat bu qədər çətindirsə, onda İsanın ardınca getmək bizə hansı üstünlüyü verir? İsanın bizdən gözlədiyi sədaqəti göstərərkən, nəyə ümid bağlaya bilərik?
İsa bu suala necə cavab verdi? Mat. 19:28-20:16.

Diqqət yetirin ki, İsa Peteri eqoist olduğuna görə və ya buna bənzər bir şeyə görə məzəmmətləmədi. O, əvvəlcə ona birbaşa cavab verdi, sonra isə işçilər və aldıqları muzd haqqında məsəli danışdı. Bu məsəlin mənası əsrlər boyunca müzakirə olunsa da, buradakı əsas fikir aydındır: İsanın vəd etdiyi şeyi Ondan alacaqsınız.
Kimsə sizdən soruşsaydı: “Isaya xidmət edərək nə əldə edəcəyəm?”, ona necə cavab verərdiniz?

Wait while more posts are being loaded