15 iyun
Yəhuda qəlbini “satır”

Yəhudanın hekayəsi necə kədərlidir! Yerusəlimə son səfərinə qədər yaşamasaydı, müqəddəs tarixin ən çox hörmət olunan personajları sırasında ola bilərdi. Lakin bunun yerinə onun adı həmişəlik xəyanət və namərdliklə bağlı olaraq qalacaqdır.

Yəh. 6:70 və Lk. 22:3-ü oxuyun. Bu ayələr Yəhudanın davranışlarını başa düşməyə necə kömək edir?

Əlbəttə, Yəhudanın xəyanətinin arxasında dayanan şeytanı ittiham etmək olar, lakin belə bir sual ortaya çıxır: Yəhuda ilə qaydasında olmayan nə var idi ki, şeytan onu bu cür idarə etməyi bacardı? Axı deyilir ki, şeytan Peteri də ələ keçirməyə çalışırdı (Lk. 22:31). Halbuki Peterdən fərqli olaraq Yəhuda özünü bütünlüklə Rəbbə həsr etməkdən imtina etdi. Görünür o, hansısa günahdan və ya xasiyyətindəki hansısa qüsurdan möhkəm yapışmışdı ki, bu da şeytanın onu bu cür pis bir əmələ yönəltməsinə imkan verdi. Burada yenə də azad iradənin daha bir hiss olunan nəticəsini görürük.
Mat. 26:47-50 və 27:1-10-u oxuyun. Yəhudanın kədərli hekayəsindən hansı ibrət dərsini götürməliyik?

Mat. 26:47-50-də Yəhudanın 600 əsgərdən ibarət dəstəni, eləcə də kahin və ağsaqqalları Getsimaniyə gətirməsi təsvir olunur. Yəhuda üçün necə heyrətamiz bir səlahiyyət anı idi! İnsanların çox istədiyi şey sizdə varsa, Yəhuda kimi, siz də bu baxımdan böyük qüvvəyə sahibsiniz. Nə qədər ki onların istədiyi şey sizin əlinizdədir, hər şey yaxşı gedir. Lakin insanlar istədiklərini sizdən aldıqdan sonra siz artıq onlara lazım deyilsiniz. Yəhuda bir neçə saat sonra tək qalaraq, bütünlüklə hər şeyini itirəcək.
Daha bir vacib dərs, Yəhudanın öz qəlbini neçəyə “satmasındadır”. Otuz gümüş pula? Müasir pulla hesablasaq, hansı gümüş pulun nəzərdə tutulmasından asılı olaraq, 1-4 aylıq əməkhaqqı qədər edir. Bu məbləğ on və ya yüz dəfə artıq olsaydı belə, görün onun üçün nəyin bahasına başa gəldi! Müjdənin şahidlik etdiyi kimi, Yəhuda bu pulu da itirdi. Bu pullar ona sevinc gətirmədi; onları kimdən almışdısa, onların da ayağına geri atdı. Həqiqətin necə inandırıcı bir sübutudur: bizi İsadan üz döndərməyə və canımızı itirməyə vadar edən hər şey Yəhudanın xəyanətinə görə aldığı pul qədər faydasızdır. Yəhuda əbədi həyata çox yaxın idi, amma onu heç bir şeyə dəyişmək qərarına gəldi.

Shared publiclyView activity