Cümə axşamı
9 aprel
Qalib Məsih

Mattadan fərqli olaraq, Lukada ikinci və üçüncü sınağın ardıcıllığı əksinədir. Bunun səbəbi bəlli deyil, lakin bu, bizi təşvişə salmalı deyil. Ən vacib olan şey – hər iki Müjdənin bəyan etdiyi kimi, Məsihin şeytan üzərində qəti qələbəsidir. Bu sınaqları araşdırmaqdan irəli gələn vacib bir amil odur ki, İsa Məsih bizim kimi sınaqlara məruz qalan, lakin günahı olmayan gerçək bir insandır (İbr. 4:15). Hər bir sınaqda qalib gəlib, dilində Allahın Kəlamı, dua vasitəsilə göylərin qüvvə mənbəyi ilə sıx əlaqəni saxlayaraq şeytan üzərində zəfər çalan İsa Məsih, Allahın Padşahlığını bəyan etmək və yeni Məsiha əsrinin başlanğıcını qoymaq üçün gəlir.  

Lk. 4:9-13-ü və Mat. 4:5-7-ni oxuyun. İlk iki sınaqda İsa şeytanın şirnikləndirmələrinə qalib gəlmək üçün Müqəddəs Yazılardan istifadə etdi. İndi, üçüncü sınaq zamanı, şeytan da bu yola əl atır və Yazılardan sitat gətirir ki, guya İsanın Allah Kəlamına həqiqətən ciddi yanaşıb – yanaşmadığını yoxlasın. Burada nə baş verir və İsa necə cavab verir?

 Şeytan İsanın Yerusəlimdəki məbədin, yəhudi tarixindəki ən müqəddəs yerin başına çıxardır. Sion şəhəri, Allahın Öz xalqının arasında yaşadığı məbəd şeytanla İsa arasında qarşıdurma yerinə çevrilir. Yenə də bu proloq səslənir: “Əgər Sən Allahın Oğlusansa”. Baxın şeytan nə deyir: Əgər Allah həqiqətən Sənin Atandırsa, onda Sənin missiyan – həqiqətən Onun iradəsidir, damdan aşağı atıl, hər şeyi bir daha və birdəfəlik yoxla. Axı əgər bütün bunlar həqiqətdirsə, onda Allah Sənin yerə düşüb parçalanmağına yol verməz. Sonra isə o, Müqəddəs Yazılardan sitat gətirir: “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni qorusunlar” (Lk. 4:10).  
Şeytan Yazıları bilir, lakin təhrif edir. Onun fəndi – İsanı Allahı sınağa çəkməyə vadar etməkdir. Allah həqiqətən də mələklərin müdafiəsini vəd edib, lakin bu, yalnız Onun iradəsinə itaət kontekstində mümkündür, məsələn, Daniel və dostlarının başına gələn hadisədə olduğu kimi. İsa yenə də şeytana qətiyyətlə cavab verir və Yazılardan istifadə edərək, Allahı sınamağın qadağan edildiyi barədə əmri sitat gətirir (ayə 12). Bizim borcumuz – özümüzü Allahın iradəsinə tabe etmək və bütün qalan işləri Onun həyata keçirməsinə yol verməkdir.  
Sınaq barəsində dörd əsas Müqəddəs Kitab həqiqətinə diqqət yetirin: (1) Heç kim şirnikləndirmələrdən azad deyil; (2) Allah sınaqların bizim qarşımıza çıxmasına yol verdiyi zaman, bizim onlara müqavimət göstərə bilməyimiz üçün lütf, qalib gəlməyimiz üçün isə qüvvə verir; (3) sınaq hər dəfə eyni şəkildə gəlmir; (4) heç kim öz gücündən üstün, dözə bilməyəcəyi sınaqla üzləşmir (1 Korş 10:13).
Shared publiclyView activity