Çərşənbə
8 aprel
“Əgər mənə səcdə etsən” 


Lk. 4:5-8-i oxuyun. Nə üçün şeytan İsanın ona səcdə etməsini istəyirdi? Burada qarşıya hansı vacib məsələ qoyulmuşdu? 
Səcdəyə müstəsna hüquq Allaha aiddir. Bu, yaradılmışı Yaradandan həmişəlik fərqləndirən amillərdən biridir. Lüsiferin göylərdə Allaha qarşı qaldırdığı qiyamın əsas məsələlərindən biri səcdə məsələsi idi. Lüsiferin nəfsi, könlündən keçənlərin xülasəsi Yeş. 14:13, 14-də çox gözəl verilmişdir; göylərə çıxmaq, taxtını Allahın ulduzlarından yüksəkdə qurmaq, Haqq – Taala kimi olmaq. Bu, yalnız Yaradana məxsus olan və nə qədər yüksək mövqeyi olmasından asılı olmayaraq, heç bir yaradılmışa verilməyən bir hakimiyyəti qəsb etmək cəhdi idi. 
Bu kontekstdə Məsihin sınağı zamanı nələr baş verdiyini daha yaxşı anlaya bilərik. İsa dünyanı xilas etmək və onu Allahın mülkiyyətinə və hakimiyyətinə qaytarmaqla bağlı Öz missiyasının icrasına başlamalı olduğu bir vaxtda şeytan onu dağın təpəsinə çıxardı, dünyanın bütün padşahlıqlarını Ona göstərdi və bütün bunları yalnız bir şeyin əvəzində Ona verəcəyini söylədi: “Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı Sənin olacaq” (Lk. 4:7).
Şeytan Məsihin nəzərini Onun İlahi vəzifəsindən yayındırmağa və Onu cah – cəlal və şöhrətlə şirnikləndirməyə çalışırdı, bütün bunları bir səcdə bahasına əldə etmək olardı. O, göylərdə əldə edə bilmədiyi hakimiyyəti və səcdəni burada əldə etməyə çalışırdı.      
Məsihin yoldan çıxaranı necə bir qətiyyətlə rədd etdiyinə diqqət yetirin: “Şeytan, rədd ol yanımdan!” (ayə 8). Səcdə və onunla əlaqədar olan xidmət yalnız Yaradan Allaha məxsusdur. Burada Məsih yenə də Allahın Kəlamının köməyindən istifadə edir. Məgər Musanın bu sözləri Allahdan ilham alaraq yazmamışdımı: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi... sev” (Qan. Tək. 6:4, 5, 13)? İnam və itaətlə Allahın yolu ilə getmək haqqında qəti qərar şeytanın yalanına və hiyləsinə qarşı son cavabdır.  
Hər birimiz iman məsələlərində, hətta “çox əhəmiyyətsiz” görünən məsələlərdə güzəştə getmək sınağı ilə üzləşə bilərik. Təsəvvür edin ki, yaxşı iş, universitetə qəbul imtahanı, vəzifədə yüksəlmə sizdən şənbəni qorumaq məsələsində güzəştə getməyi tələb edir. Yaxud ən yaxşı ölkəyə viza almaq öz əqidənizi gizlətməyi tələb edir. Hansı bir anda sövdələşə bilərsiniz? Əgər bu ümumiyyətlə mümkündürsə, hansı bir qiymət bahasına başa gələcəkdir? 
Shared publiclyView activity