Profile cover photo
Profile photo
Валентина Господарец
25 followers
25 followers
About
Communities and Collections
Posts

Bazar ertəsi
13 aprel
Allahın Oğlu

“Bəşər Oğlu” və “Allahın Oğlu” – İsanın Kimliyini təsvir etmək üçün Müjdələrdə bu iki addan istifadə olunur. Ilk ad Allahın insan bədənini qəbul etməsinə işarə edir; ikinci ad isə Onun İlahi Üçlüyün ikinci Şəxsiyyəti kimi İlahi təbiətini göstərir. Bu iki ad və ya iki titul birlikdə bizi İsa Məsih möcüzəsi haqqında düşünməyə çağırır: eyni zamanda həm Allah, həm də insan olan Allah haqqında. Bu konsepsiyanı başa düşmək çətindir, lakin bu çətinlik o heyrətamiz həqiqəti və onun təklif etdiyi böyük ümidi zərrə qədər də əksiltmir.  
Lk. 1:31, 32, 35; 2:11. Bu ayələr İsanın Kimliyini bizə necə açır? 
_____________________________________________________________________

Lk. 1:31, 32-də mələk “İsa” adını “Haqq – Taala” ilə bağlayır, “Rəbb Allah Ona Davudun taxtını verəcək”. İsa – Allahın Oğludur.  O, həm də Məsihdir, Davudun taxtını dünyəvi qurtuluşçu kimi deyil, ruhani mənada Xilaskar kimi bərpa edəcək Məsihdir. Yəni, O, sonda şeytanın Allahın taxtını ələ keçirmək cəhdinə son qoyacaq. Mələk çobanlara bəyan etdi ki, axurdakı körpə - “Xilsakardır. Bu, Rəbb Məsihdir” (Lk. 2:11).  
Eyni zamanda “Allahın Oğlu” titulu Məsihin İlahi Üçlükdəki mövqeyini təsdiqləməklə bərabər, yer üzündə ikən İsanın Ata Allah ilə ürəkdən – ürəyə sıx əlaqədə olduğundan xəbər verir.
Lakin Ata ilə Oğul arasındakı münasibətlər bizim Allahla münasibətlərimizdən fərqlidir. Bizim münasibətlətimiz Məsihin həm Yaradan, həm də Xilaskar kimi gördüyü işlərin nəticəsidir, lakin Onun Ataya Oğul kimi münasibəti – üç bərabər əbədi Şəxsiyyətdən birinin münasibətidir.  
İlahi təbiətə malik olan İsa Ata ilə ən sıx əlaqədə idi. 
“İsa: “Ey göylərdəki Atam” deyərək Öz şagirdlərinə xatırladır ki, Öz insan təbiəti ilə O, insanların sınaqlarını bölüşən və iztirablarına şərik olan biri kimi onlarla bağlıdır, Öz İlahi təbiəti ilə isə Əbədi Olanın taxtı ilə bağlıdır”. Y. Uayt, “Əsrlərin arzusu”, səh. 442.     
İsanın tam mənada Allah olması faktı bizim üçün necə bir əhəmiyyət kəsb edir? Bu həqiqət bir çox mənalar daşısa da, ən heyrətamiz mənalarından biri odur ki, İsa Allah ola – ola, Özünü aşağı tutaraq təkcə insan təbiətini qəbul etmədi, həm də bu təbiətlə Özünü bizim uğrumuzda qurban verdi. Burada söhbət Allahdan gedir! Bu həqiqət bizə Allahın əsl xasiyyətini açaraq, necə gözəl bir ümid verir?  

11-17 aprel

İSA MƏSİH KİMDİR?

Şənbə
Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 4:16-30, 6:5; Ef. 1:3-5; Lk. 9:18-27; 2 Pet. 1:16-18. 

Yadda saxlanacaq ayə: “İsa onlardan soruşdu: Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm? Peter Ona cavab verdi: Sən Allahın Məsihisən” (Lk. 9:20). 

İsa Məsih kimdir? 
Bu sual – fəlsəfi və ya ictimai bir tələ deyil. Bu sual insanın özünün kimliyinin mahiyyətinə toxunur, daha da vacibi – onları əbədiyyətdə nə gözlədiyini açır.  
İnsanlar İsanın işlərindən fərəh duya, Onun sözlərinə rəğbət bəsləyə, Onun səbrini yüksək qiymətləndirə, Onun şərə qarşı zorakılıqla cavab verməmək prinsipini dəstəkləyə, Onun qətiyyətliliyini təqdir edə, Onun fədakarlığını tərifləyə və Onun amansız ölümünü ürək sarsıntısı ilə oxuya bilərlər. Bir çox insanlar İsanı dünyanı sahmana salmağa çalışan - ədalətsizliyin mövcud olduğu yerdə ədaləti bərpa etməyə, xəstəliyin olduğu yerdə şəfa verməyə, yalnız iztirabların olduğu yerə təsəlli gətirməyə çalışan yaxşı bir İnsan kimi qəbul etməyə hazırdırlar.
Bəli, İsa ən yaxşı müəllim, inqilabçı, ən yaxşı lider və insan qəlbinin dərinliklərinə baxmağa qadir olan psixoloq adını həqiqətən də ala bilərdi. O, bütün bu adlara və bir çox digərlərinə layiq idi. 
Lakin bu faktların heç biri bizi İsanın Özünün soruşduğu sualın cavabına yaxınlaşdırmır: “Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?”
Bu sual cavab tələb edir və bəşəriyyətin taleyi bu cavabdan asılıdır.     

Post has attachment

Post has attachment

Cümə axşamı
9 aprel
Qalib Məsih

Mattadan fərqli olaraq, Lukada ikinci və üçüncü sınağın ardıcıllığı əksinədir. Bunun səbəbi bəlli deyil, lakin bu, bizi təşvişə salmalı deyil. Ən vacib olan şey – hər iki Müjdənin bəyan etdiyi kimi, Məsihin şeytan üzərində qəti qələbəsidir. Bu sınaqları araşdırmaqdan irəli gələn vacib bir amil odur ki, İsa Məsih bizim kimi sınaqlara məruz qalan, lakin günahı olmayan gerçək bir insandır (İbr. 4:15). Hər bir sınaqda qalib gəlib, dilində Allahın Kəlamı, dua vasitəsilə göylərin qüvvə mənbəyi ilə sıx əlaqəni saxlayaraq şeytan üzərində zəfər çalan İsa Məsih, Allahın Padşahlığını bəyan etmək və yeni Məsiha əsrinin başlanğıcını qoymaq üçün gəlir.  

Lk. 4:9-13-ü və Mat. 4:5-7-ni oxuyun. İlk iki sınaqda İsa şeytanın şirnikləndirmələrinə qalib gəlmək üçün Müqəddəs Yazılardan istifadə etdi. İndi, üçüncü sınaq zamanı, şeytan da bu yola əl atır və Yazılardan sitat gətirir ki, guya İsanın Allah Kəlamına həqiqətən ciddi yanaşıb – yanaşmadığını yoxlasın. Burada nə baş verir və İsa necə cavab verir?

 Şeytan İsanın Yerusəlimdəki məbədin, yəhudi tarixindəki ən müqəddəs yerin başına çıxardır. Sion şəhəri, Allahın Öz xalqının arasında yaşadığı məbəd şeytanla İsa arasında qarşıdurma yerinə çevrilir. Yenə də bu proloq səslənir: “Əgər Sən Allahın Oğlusansa”. Baxın şeytan nə deyir: Əgər Allah həqiqətən Sənin Atandırsa, onda Sənin missiyan – həqiqətən Onun iradəsidir, damdan aşağı atıl, hər şeyi bir daha və birdəfəlik yoxla. Axı əgər bütün bunlar həqiqətdirsə, onda Allah Sənin yerə düşüb parçalanmağına yol verməz. Sonra isə o, Müqəddəs Yazılardan sitat gətirir: “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni qorusunlar” (Lk. 4:10).  
Şeytan Yazıları bilir, lakin təhrif edir. Onun fəndi – İsanı Allahı sınağa çəkməyə vadar etməkdir. Allah həqiqətən də mələklərin müdafiəsini vəd edib, lakin bu, yalnız Onun iradəsinə itaət kontekstində mümkündür, məsələn, Daniel və dostlarının başına gələn hadisədə olduğu kimi. İsa yenə də şeytana qətiyyətlə cavab verir və Yazılardan istifadə edərək, Allahı sınamağın qadağan edildiyi barədə əmri sitat gətirir (ayə 12). Bizim borcumuz – özümüzü Allahın iradəsinə tabe etmək və bütün qalan işləri Onun həyata keçirməsinə yol verməkdir.  
Sınaq barəsində dörd əsas Müqəddəs Kitab həqiqətinə diqqət yetirin: (1) Heç kim şirnikləndirmələrdən azad deyil; (2) Allah sınaqların bizim qarşımıza çıxmasına yol verdiyi zaman, bizim onlara müqavimət göstərə bilməyimiz üçün lütf, qalib gəlməyimiz üçün isə qüvvə verir; (3) sınaq hər dəfə eyni şəkildə gəlmir; (4) heç kim öz gücündən üstün, dözə bilməyəcəyi sınaqla üzləşmir (1 Korş 10:13).

Çərşənbə
8 aprel
“Əgər mənə səcdə etsən” 


Lk. 4:5-8-i oxuyun. Nə üçün şeytan İsanın ona səcdə etməsini istəyirdi? Burada qarşıya hansı vacib məsələ qoyulmuşdu? 
Səcdəyə müstəsna hüquq Allaha aiddir. Bu, yaradılmışı Yaradandan həmişəlik fərqləndirən amillərdən biridir. Lüsiferin göylərdə Allaha qarşı qaldırdığı qiyamın əsas məsələlərindən biri səcdə məsələsi idi. Lüsiferin nəfsi, könlündən keçənlərin xülasəsi Yeş. 14:13, 14-də çox gözəl verilmişdir; göylərə çıxmaq, taxtını Allahın ulduzlarından yüksəkdə qurmaq, Haqq – Taala kimi olmaq. Bu, yalnız Yaradana məxsus olan və nə qədər yüksək mövqeyi olmasından asılı olmayaraq, heç bir yaradılmışa verilməyən bir hakimiyyəti qəsb etmək cəhdi idi. 
Bu kontekstdə Məsihin sınağı zamanı nələr baş verdiyini daha yaxşı anlaya bilərik. İsa dünyanı xilas etmək və onu Allahın mülkiyyətinə və hakimiyyətinə qaytarmaqla bağlı Öz missiyasının icrasına başlamalı olduğu bir vaxtda şeytan onu dağın təpəsinə çıxardı, dünyanın bütün padşahlıqlarını Ona göstərdi və bütün bunları yalnız bir şeyin əvəzində Ona verəcəyini söylədi: “Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı Sənin olacaq” (Lk. 4:7).
Şeytan Məsihin nəzərini Onun İlahi vəzifəsindən yayındırmağa və Onu cah – cəlal və şöhrətlə şirnikləndirməyə çalışırdı, bütün bunları bir səcdə bahasına əldə etmək olardı. O, göylərdə əldə edə bilmədiyi hakimiyyəti və səcdəni burada əldə etməyə çalışırdı.      
Məsihin yoldan çıxaranı necə bir qətiyyətlə rədd etdiyinə diqqət yetirin: “Şeytan, rədd ol yanımdan!” (ayə 8). Səcdə və onunla əlaqədar olan xidmət yalnız Yaradan Allaha məxsusdur. Burada Məsih yenə də Allahın Kəlamının köməyindən istifadə edir. Məgər Musanın bu sözləri Allahdan ilham alaraq yazmamışdımı: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi... sev” (Qan. Tək. 6:4, 5, 13)? İnam və itaətlə Allahın yolu ilə getmək haqqında qəti qərar şeytanın yalanına və hiyləsinə qarşı son cavabdır.  
Hər birimiz iman məsələlərində, hətta “çox əhəmiyyətsiz” görünən məsələlərdə güzəştə getmək sınağı ilə üzləşə bilərik. Təsəvvür edin ki, yaxşı iş, universitetə qəbul imtahanı, vəzifədə yüksəlmə sizdən şənbəni qorumaq məsələsində güzəştə getməyi tələb edir. Yaxud ən yaxşı ölkəyə viza almaq öz əqidənizi gizlətməyi tələb edir. Hansı bir anda sövdələşə bilərsiniz? Əgər bu ümumiyyətlə mümkündürsə, hansı bir qiymət bahasına başa gələcəkdir? 

Dərs 2 4-10 aprel VƏFTİZ VƏ İMTAHAN     Şənbə Araşdırmaq üçün Müqəddəs Kitab ayələri: Lk. 3:1-14; Rom. 6:1-6; Lk. 3:21, 22; Lk. 4:5-8; Yeş. 14:13, 14; Lk. 4:9-13.   Yadda saxlanacaq ayə: “Müqəddəs Ruh cismani şəkildə göyərçin kimi Onun üzərinə endi. Göydən bir səda gəldi: Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam” (Lk. 3:22).     Keçən həftə də gördüyümüz kimi, Luka tarixdəki mötəbər insanların adlarını sadalayır.  Güman edirik ki, bununla o, İsa və Yəhya haqqındakı hekayəsinin də dünyanın bu güclü şəxsiyyətləri haqqındakı hekayələr qədər gerçək və tarixi olduğunu göstərmək istəyir.  Lakin hakimiyyətə sahib olan bu adamları xatırlatmanın daha bir vacib səbəbi var. Bu səbəb, həmin insanlara qarşısına səhradakı təvazökar insanı, Allahın seçilmiş elçisi Vəftizçi Yəhyanı qoymaqdır, o, bəşəriyyət tarixinin daha vacib hadisəsi – dünyanın Xilaskarı İsanın gəlişi üçün “yol hazırlamalı” idi. Maraqlıdır ki, Allah Məsihin carçısı olaraq “bu dünyanın böyük adamlarından” birini deyil, “aşağı” mövqeni tutanlardan birini seçmişdi.  Bu tarixi məlumatları birlikdə nəzərdən keçirən tədqiqatçılar Vəftizçi Yəhyanın və İsanın xidmətinin başlanğıc tarixini verirlər, bizim eranın 27 və 28-ci ilə yaxın bir tarix. Roma imperiyasının məhz bu tarixi çərçivəsində İsa vəftiz olundu və Göylərdən təminat aldı ki, O – Allahın “sevimli Oğludur” (Lk. 3:22). Luka bu faktı ən başlanğıcda, hələ İsa Məsihin missiyasını və xidmətini öz oxuyucularına “ardıcıllıqla yazmazdan” əvvəl qeyd edir.    Bazar 5 aprel Rəbbin yolunu hazırlayın   Lukanın müjdəsinin 3-cü fəslində Yəhya unikal bir rolla, xilas tarixində çox vacib bir rolla meydana çıxır. Yəhyanın vəzi haqqında çox şey söyləmək olar, lakin bir şey aydındır – o, camaatın xoşuna gəlsin deyə öz sözlərinə bəzəkli don geydirmirdi. Lk. 3:1-14-ü oxuyun. Onun sözlərində sadəcə bilavasitə dinləyiciləri üçün deyil, bizim hamımız üçün də vacib həqiqətlər vardır. Yəhyanın burada dediklərindən özünüz üçün hansı vacib həqiqətləri götürə bilərsiniz?
 Tövbə - nəzəri bir anlayış deyil, bu, bir həyat tərzidir. Yunanca orijinalda tövbə “metanoyya” sözü ilə ifadə olunmuşdur  ki, bunun da mənası düşüncənin dəyişməsidir, bu isə yeni həyatla nəticələnir. “Vəftiz etmək” suya batırmaq və ya tamamilə gömməkdir. Suya gömülmənin dərin mənası var. Yəhyanın dövründən əvvəl də yəhudilər suya gömülməklə baş verən vəftizə böyük əhəmiyyət verirdilər. Bu, bütpərəst əqidəsindən olanlar yəhudi əqidəsinə qoşulmaq istədikləri zaman həyata keçirilən ənənəvi bir ayin idi. Yəhudilərə vəftiz olmağı təklif edərkən Vəftizçi Yəhya yeni bir prinsipin əsasını qoydu: vəftiz – özünün köhnə günahlı yollarından hər kəsin önündə imtina etmək və özünü Məsihin gəlişinə hazırlamaq imkanıdır. Beləliklə, günahdan imtina etmək və tezliklə məsh olunacaq Məsihin Padşahlığının vətəndaşı kimi yeni həyat tərzinə həsr olunmaq üçün, Vəftizçi Yəhya bu simvolik addımı təyin etdi. Bundan dərhal sonra isə Yəhya əlavə etdi ki, o, sadəcə su ilə vəftiz edir, lakin ondan sonra gələcək Olan “sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək” (Lk. 3:16). Beləliklə, bizə çox vacib bir həqiqət təqdim olunmuşdur: suya gömülməklə həyata keçirilən vəftiz – daxili dəyişikliyin simvoludur ki, sonda Müqəddəs Ruhla vəftizlə möhürlənəcəkdir.    Rom. 6:1-6-nı oxuyun. Həvari Paul vəftizdən hansı ruhani dərsləri çıxarır? Onun suya gömülmək və sudan çıxmaqla, günah üçün ölüb Allaha həsr olunmuş həyat üçün dirilmək arasında necə bir müqayisə apardığına diqqət yetirin. Məsihdə bu yeni həyat sizin məsihçi təcrübənizdə necə təzahür edib? Onun hansı tərəfləri hələ də “suyun altında” qalmaqdadır?  

Cümə
3 aprel
Gələcək araşdırmalar üçün

“Dörd Müjdədən birinin müəllifi olan Luka tibbi – vəzçi idi. Yazılarda onu “sevimli həkim” adlandırırlar (Kol. 4:14). Həvari Paul Lukanın həkim kimi qabiliyyəti haqqında eşitmişdi və Allahın ona xüsusi bir işi etibar etdiyini başa düşdüyünə görə onu axtarıb tapdı. O, Lukanı əməkdaşlığa cəlb etdi və Luka bir müddət Paulun vəzçilik səfərlərində onu müşayiət etdi. Sonra Paul Lukanı Makedoniyada Filipidə qoydu. Luka burada bir neçə il həkim və Müjdəçi müəllim kimi çalışmağa davam etdi. Tibb işçisi kimi xəstələrə xidmət edərkən, o dua edirdi ki, Allahın şəfaverici qüvvəsi xəstəliyə düçar olanların üzərinə ensin. Beləcə müjdə üçün də yol açılırdı. Lukanın xəstəlikləri sağaltmaqdakı uğuru Məsih haqqında bütpərəstlərə təbliğ etmək üçün ona çox imkan yaradırdı. Allahın planı budur ki, biz də eyni cür addım ataq”, - Y. Uayt, Şəfa xidməti, səh. 140, 141.    

Müzakirə üçün suallar:
1. Əgər Luka öz Müjdəsini yazarkən artıq mövcud olan materialları da nəzərə almışdısa, biz Yazıların Allahdan ilham almasını necə başa düşməliyik (2 Tim. 3:16)? Allahdan ilham almaq necə baş verir? Y. Uaytın “Seçilmiş müjdələr” kitabından “Peyğəmbərlik müəlliflərinin Allahdan ilham alması” fəslinə baxın, 1-ci cild, səh. 15-23. 
2. Günaha yol vermədən bakirə qızın bətninə övladın düşməsi Allahın işidir, burada həm Allahın sirri, həm Onun əzəməti, həm də Onun missiyası gizlənir. Bu, həqiqətən də insan anlayışından qat – qat yüksəkdə durur. Lakin sual bundan ibarətdir: axı nə olsun? Məgər dünyada insan anlayışına sığmayan hadisələr azdır? Əgər Allah varsa və O, kainatı yaratmaq və saxlamaq səlahiyyətinə malikdirsə, onda bakirə qızın bətninə günaha yol vermədən övladın düşməsi kimi bir hadisəyə Onun gücü çatmazmı? Yalnız dünya görüşü təbiət qanunları ilə (ən azından hal – hazırda anlaya bildiyimiz qanunlarla) məhdudlaşan insanlar günahsız hamilə qalmaq fikrinə heç düşünmədən etiraz edə bilərlər. Əksinə, dünya görüşünə fövqəltəbii şeylər də daxil olanların buna şübhə etmək üçün əsası olmamalıdır. Görün mələk Məryəmə ağlasığmaz müjdəni bəyan etdikdən sonra nə dedi: “Çünki Allah üçün mümkün olmayan şey yoxdur” (Lk. 1:37).   
3. Deyirlər, bir amerikalı telejurnalist bəyan edib ki, əgər belə bir imkanı olsaydı, hamıdan çox İsa Məsihdən müsahibə almaq istərdi.  Ona yalnız bir sual verərdi? “Sən doğrudanmı bakirə qızdan doğulmusan?” Nə üçün bu suala və onun cavabı bu qədər vacibdir?   

Cümə axşamı
2 aprel
Xilaskarın gəlişinin şahidləri

Luka ilk növbədə bütpərəstlərə yazsa da, Əhdi – Ətiq vasitəsilə təcəssüm edən yəhudi mirasının əhəmiyyəti haqqında məlumatı var idi. O, Əhdi – Cədidin müjdəsini Əhdi – Ətiqinki ilə əlaqələndirməyin qayğısına qalır və körpə İsanın doğuluşunun səkkizinci günündə yəhudi qanununa müvafiq olaraq sünnət olunmaq üçün Məryəm və Yusif tərəfindən Yerusəlim məbədinə gətirilməsi səhnəsini çox gözəl təsvir edir (Lk. 2:22-24). 
Lk. 2:25-32-ni oxuyun. Şimeonun irəli sürdüyü xilas əqidəsinin üç müddəasına diqqət yetirin: xilas İsa vasitəsilədir; xilası Allah hazırlayıb; xilas bütün millətlər üçün nəzərdə tutulub – həm bütpərəslər, həm də israillilər üçün. Bu həqiqətlərin Vəh. 14:6-da birinci mələyin müjdəsi ilə necə bir əlaqəsi var? 

Şimeonun peyğəmbərliyi həm də İsanın xidmətinin iki başlıca xüsusiyyəti haqqında öncədən xəbər verdi. 
Birincisi, “Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı olmaq üçün təyin olunub” (Lk. 2:34). Bəli, Məsih bütün insanlara işıq və xilas gətirdi, lakin bu işığı və xilası olanlar da müəyyən əvəz ödəməlidirlər. Məsihə münasibətdə neytrallıq saxlamaq qeyri – mümkündür: siz ya Onu qəbul edirsiniz, ya da rədd edirsiniz, sizin xilasınız isə etdiyiniz seçimdən asılıdır. Məsih mütləqlik tələb edir: ya biz Onda qalırıq, ya da yox. Onda qalanlar diriləcəklər və Onun Padşahlığında yaşayacaqlar; lakin Onu rədd edənlər və ya Ona laqeyd qalanlar yıxılırlar və ümidsiz bir vəziyyətdə məhv olurlar. Məsihə iman müzakirə olunmazdır. 
İkincisi, Şimeon Məryəmə peyğəmbərlik edir ki, onun özünün də “köksünə sanki qılınc saplanacaq” (Lk. 2:35). Şübhəsiz, bu, Məryəmin də şahidlik edəcəyi Çarmıxa işarə idi. Məryəm və ondan sonra gələn bütün nəsillər yadda saxlamalıdırlar ki, Çarmıxsız xilas yoxdur. Çarmıx mərkəzdə dayanır və bütün xilas planı onun ətrafında dönür. 
Xilas – o mənada ənamdır ki, biz onu qazanmaq üçün heç bir şey edə bilmərik. Bununla belə, o, onu qəbul edənlərə çox baha başa gələ bilər. Məsihin ardınca getmək sizin üçün nəyin bahasına başa gəlib və nə üçün ödədiyiniz bu qiymət ölçüsündən asılı olmayaraq yenə də çox azdır? 

Çərşənbə
1 aprel
Bet-Lexem axuru

Luka Bet – Lexem axuru haqqında hekayəsinə tarixi qeydlə başlayır. Yusif və Məryəm Roma imperatoru qeysər Avqustun yenidən siyahıya alınmaq haqqında fərmanına itaət edərək Nazaretdən Bet – Lexemə, öz əcdadlarının şəhərinə yola düşdülər, həmin vaxtı Kirini Suriyanın valisi idi. Bu cür tarixi təfsilatlar Müqəddəs Kitabı araşdıranları oyatmalıdır ki, İsanın insan bədənində gəlişini tarixi kontekstdə təsvir etmək üçün Lukanın Müqəddəs Ruhun rəhbərliyinə tabe olmasını yüksək qiymətləndirsinlər.
Isanın yoxsulluğu barəsində düşünün (bax. Lk. 2:7). İsanın doğulma şəraitinin təsvirini: “bələdi”, “axura qoydu”, “qonaq evində... yer tapılmadı”, Paulun Flp. 2:5-8-də təsvir etdiyi İsanın itaətkarlığı ilə müqayisə edin. İsa bizim uğrumuzda necə bir yol keçib?

Göylərin Rəbbinin insan bədənini qəbul etdiyi şəraitin yoxsulluğu haqqında hekayə axura ilk baş çəkən insanların – çobanların təsviri ilə davam edir. Bu “Müjdə” (Lk. 2:10) dünyanın varlı və güclü insanlarına, qanunşünas və kahinlərinə, hökmdarlarına və səlahiyyəti olanlara, yer üzündə ağalıq edənlərə deyil, sadə və çoxlarının xor baxdığı çobanlara bəyan oldu. Müjdənin əzəmətinə və sadəliyinə diqqət yetirin: Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.... axurda yatan bələnmiş Körpə tapacaqsınız” (ayə 11, 12). Göylərin ən qiymətli hədiyyəsi ən sadə şəkildə gəldi, çox vaxt da elə bu cür olur. Lakin bu ənam “Allaha izzət”, “yer üzünə sülh”, “insanlara Allahın razılığını” gətirdi (ayə 14).   
Mələyin xəbəri (Lk. 2:9-12) məsihçi ilahiyyatının üç ən vacib həqiqətini özündə ehtiva edir. Birincisi, Müjdənin xoş xəbəri “bütün insanlar” üçün nəzərdə tutulub. İsada həm yəhudilər, həm də bütpərəstlər Allahın vahid xalqına çevrilirlər. İkincisi, İsa Xilaskardır; başqa xilaskar yoxdur. Üçüncüsü, İsa Rəbb Məsihdir. Lukanın Müjdəsinin başlanğıcında bu cür aydın şəkildə təqdim olunmuş bu üç mövzu daha sonra həvarilərin, xüsusilə də Paulun təbliğinin əsasını təşkil edir.
Biz məsihçilərin inandığı şeylər barəsində düşünün: bütün yaradılmışların Yaradanı (Yəh. 1:1-3) sadəcə bu günaha batmış dünyaya insan kimi gəlməklə kifayətlənmədi; O, həm də ağır bir həyat yaşadı ki, sonra Çarmıxda ölsün. Əgər buna həqiqətən inanırıqsa, onda nə üçün həyatımızın hər bir anını bu heyrətamiz həqiqətə tabe etdirməliyik. Həyatınızın hansı cəhətləri İsanın tarixçəsinə inamınızı əks etdirir, hansıları isə yox? 
Wait while more posts are being loaded